ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərinin əsas yol qovşağına Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib, şəhər sakinlərinə faciəyə dair foto və məlumatların əks olunduğu bukletlər paylanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, "Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində reallaşan layihə Şimali Karolina Azərbaycan Cəmiyyətinin fəalı Adika İqbalın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Şəhərin mərkəzi yol qovşağında qoyulan nəhəng lövhədə "Xocalıya ədalət” (Justice for Khojaly) və “Əsla unutma” (“Never Forget”) mesajı yer alıb.
Bununla yanaşı, həmvətənlərimiz Şimali Karolina ştatının bir sıra şəhərlərinin sakinlərinə faciəyə dair foto və məlumatların əks olunduğu bukletlər paylayıb, onlara bəşər tarixinin ən ağır cinayətlərindən biri haqqında məlumatlar veriblər.
Azərbaycan diasporunun fəalları bukletləri avtobus dayanacaqlarına, meydanların divarlarına yapışdırıb, maşınların və heykəllərin üzərinə qoyublar.
Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-ın müxtəlif şəhər və ştatlarında yaşayan həmvətənlərimiz “Xocalıya ədalət” tələbi ilə ABŞ ictimaiyyəti arasında məlumatlandırma kampaniyaları həyata keçirirlər.
Vüsalə Abbasova