ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, o, Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə aprelin 27-28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.
Həmin konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.
Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq yer alır. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.