ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonunda müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Nyu-York şəhər meriyasının və Bruklin əyalətinin Parklar üzrə Komissarının ofisinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyası rayonun azərbaycanlıların sıx yaşadığı səmtində yerləşən “Lew Fidler” parkında baş tutub.
Aksiyada Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları, Bruklin əyalətinin rəsmiləri, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icmasının fəalları iştirak ediblər.
Parkda Amerikanın simvolu, gücün və uzunömürlülüyün rəmzi olan “Bur oak” (Şimali Amerika palıdı) ağacları əkilib və xatirə lövhəsi qoyulub.
Mərasimdə çıxış edən Bruklin şəhərinin komissarı Martin Maher “Lew Fidler” parkında əkilən palıd ağaclarını Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqillik tarixini tərənnüm edəcəyini bildirib. M. Maher şəhərin Azərbaycan icmasına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Leyla Novruz Bruklin şəhərinin komissarı Martin Maherə Azərbaycan-Amerika əlaqələrinin daha da güclənməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.
Diplomat Azərbaycanın Müstəqillik tarixindən və Ulu Öndər Heydər Əliyevin çağdaş Azərbaycanın yenidən inşası üçün səylərindən bəhs edib. L. Novruz bildirib ki, Bakı Dənizkənarı Bulvarını xatırladan “Lew Fidler” parkı artıq ABŞ-da yaşayan azərbaycanlıların sıx ziyarət ünvanına çevrilib:
“Ümidvarıq ki, bu ağacların kölgəsində oturan soydaşlarımız Amerikada özlərini doğma Azərbaycanda hiss edəcəklər. Şübhəsiz ki, bu ənənəvi layihə gələcək nəsillərimizə ötürüləcək, ABŞ və Azərbaycan dostluğuna öz töhfəsini verəcək".
Sonda aksiya iştirakçıları xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, ilk dəfə ötən ilin may ayında həyata keçirilən ağacəkmə aksiyası ənənəvi hal alıb və aksiya Azərbaycan üçün əlamətdar tarixi günlərdə də davam etdiriləcək.