ABŞ-da Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında verdiyi tövhələr müzakirə olunub

ABŞ-da Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında verdiyi tövhələr müzakirə olunub ABŞ-ın Vaşinqton şəhərində "Qafqazda və Mərkəzi Asiyada böyük güc dinamikası: Ukraynadakı müharibənin ortasında" (Great Power Dynamics in Caucasus and Central Asia: In the Midst of the War in Ukraine) adlı konfrans keçirilib.
Xarici siyasət
1 Mart , 2023 04:14
ABŞ-da Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında verdiyi tövhələr müzakirə olunub

ABŞ-ın Vaşinqton şəhərində "Qafqazda və Mərkəzi Asiyada böyük güc dinamikası: Ukraynadakı müharibənin ortasında" (Great Power Dynamics in Caucasus and Central Asia: In the Midst of the War in Ukraine) adlı konfrans keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-da təhsil alan azərbaycanlı tələbə Əli Məmmədovun rəhbərlik etdiyi Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Qafqaz və Mərkəzi Asiya Klubu tərəfində təşkil olunan konfransda Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Qırğızıstanın ABŞ-dakı səfiri Baktıbek Amanbayev, Qazaxıstanın missiya rəhbərinin müavini Rauan Tleulin, o cümlədən Cons Hopkins Universitetinin professoru Marşa Olive və Beynəlxalq Sülh üçün Karneqi Fondu təşkilatının nümayəndəsi Paul Stronski, müxtəlif ali təhsil ocaqlarından professorlar və tələbələr iştirak edib.

Panel müzakirələri formatında baş tutan debatda qlobal miqyasda geosiyasi proseslərin dinamikası, böyük güclərin diqqət mərkəzində olan Mərkəzi Asiyada mövcud vəziyyət, Qafqazda sülhün və sabitliyin vacibliyi, hərbi güc və diplomatiya, Ukraynadakı müharibənin fonunda qlobal geosiyasətdəki gərginlik məsələləri müzakirə olunub.

Müzakirələrdə qeyd olunub ki, geosiyasi əhəmiyyətinə görə Asiya qitəsi ölkələri müasir dünya siyasətinin diqqət mərkəzindədir. Qitənin əmək resursları, satış bazarları, xammal ehtiyatları, nəqliyyat-kommunikasiya imkanları, geostrateji baxımdan mühüm ərazi xarakteristikası ilə həm Avropa İttifaqı ölkələrini, həm də ABŞ-ı çox ciddi şəkildə maraqlandırır. Dünya siyasətində Asiya ölkələrinin tutduğu yerin və oynadığı rolun araşdırılması böyük aktuallıq kəsb edir. Müzakirələrdə Azərbaycanın neft-qaz ehtiyatları ilə yanaşı, Qafqazda və Orta Şərqdə mühüm geosiyasi mövqeyindən və xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrindən bəhs edilib. Ölkəmizin Avropa və Asiya arasındakı nəqliyyat qovşağında yerləşməsinin üstünlüklərindən və Azərbaycanın beynəlxaq səviyyədə reallaşdırdığı nəhəng layihələrindən bəhs olunub.

Tələbələr və qonaqlar dövlət rəsmilərinə bir ildir davam edən Rusiya-Ukrayna müharibəsi və bölgədəki yeni reallıqlarla bağlı suallar ünvanlanıb, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi