"ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır".
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq", - diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.