Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili koronavirus pandemiyasının turizm sənayesində böyük xaosa səbəb olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, Pololikaşvili bu barədə Gürcüstanın “Pirveli” teleşirkətinə müsahibəsində açıqlama verib.
“Realist olsaq, turizm sənayesi böyük xaos içindədir. Bir çox ölkə öz məhdudiyyətlərini təyin edib, bir çoxu dəhlizlərdən danışır, amma bu, real deyil. Çünki ətrafımızdakı vəziyyət gündəlik və həftəlik olaraq dəyişir”, - o deyib.
UNWTO rəhbərinin sözlərinə görə, təşkilatının 2020-ci il üçün proqnozu var idi, lakin tamamilə fərqli nəticə əldə edilib.
“Düşünürəm ki, vaksinasiya prosesi turistlərin artımını ciddi dərəcədə sürətləndirəcək və keçən ilin fəlakətli nəticələri ilə müqayisədə 2021-ci ilin yayı daha yaxşı olmalıdır. UNWTO-nun böhran komitəsinin işinin konkret nəticələr verəcəyini və yayı müsbət rəqəmlərlə qarşılayacağımızı hesab edirəm. Ancaq bunun üçün ölkələr arasında koordinasiya və ortaq qaydaların yaradılması lazımdır”, - Pololikaşvili söyləyib.
UNWTO-nun hesablamasına görə, 2020-ci ildə qlobal turizm 1,3 trilyon ABŞ dolları itirib və təxminən 100-120 milyon iş yerinin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. “2020-ci ildə itirilən gəlir qlobal iqtisadi böhranın yaşandığı 2009-cu ildəki göstərici ilə müqayisədə 11 dəfə çox olub”, - Dünya Turizm Təşkilatının hesabatında deyilir.