Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşkilatçılığı ilə aprelin 22-dən Bakıda keçirilən QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşünün yekununda "Bakı Bəyannaməsi" qəbul edilib.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, sənəddə turizm təhsilinin müxtəlif istiqamətlərində, həmçinin tədqiqat və məlumat mübadiləsi, mədəni irsin təbliği, turizm innovasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyəti əksini tapıb.
Görüş çərçivəsində keçirilən dəyirmi masada təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi, təlim proqramları və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzuları müzakirə edilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.