Mərkəzi Asiyadan Türkiyəyə səyahət edənlərin sayı açıqlanıb: bir ölkədən azalma var
- 25 iyun, 2023
- 13:57
Bu ilin yanvar-may aylarında Mərkəzi Asiya ölkələrindən Türkiyəyə səfər edənlərin sayı 489 min 317 nəfər təşkil edib.
Bu barədə "Report"a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Asiya ölkələrindən ən çox Qazaxıstan vətəndaşları Türkiyəyə səyahət edib. Belə ki, beş ayda 205 min 990 qazaxıstanlı Türkiyəyə səfər edib və bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 33 min 795 nəfər və ya 16,5 % çoxdur. Türkiyəyə gedən Qazaxıstan vətəndaşlarının bu ölkəyə səfər edən millətlərin 1,47 %-ni təşkil edir.
Daha sonra ardıcıllığa uyğun olaraq Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan vətəndaşları gəlir.
Beş ayda Özbəkistandan Türkiyəyə səyahət edənlərin sayı 155 min 153 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 min 27 nəfər və ya 7,9 % artım deməkdir. Türkiyəyə səfər edən Özbəkistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 1,11 %-ni təşkil edir.
Qırğızıstandan Türkiyəyə səfər edənlərin sayı 62 min 363 nəfər olub. Bu, 2022-ci ilin analoji dövrünə nisbətən 7 471 nəfər və ya 12 % çoxdur. Türkiyəyə gedən Qırğızıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,44 %-ni təşkil edir.
Türkmənistandan Türkiyəyə səfər edənlərin sayı 35 min 376 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 min 131 nəfər və ya 62,6 % artım deməkdir. Onların Türkiyəyə səfər edən millətlərin siyahısında payı 0,25 % təşkil edir.
Tacikistandan Türkiyəyə səfər edənlərin sayı 30 min 435 nəfər olub. Bu, ötən ilin 5 ayı ilə müqayisədə 626 nəfər nəfər və ya 2,1 % azdır. Türkiyəyə gedən Tacikistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,22 %-ni təşkil edir.