"Azərbaycan Ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Kəlbəcər və Laçın rayonları SSRİ dövründə turizm bölgəsi kimi tanınıblar. Düşünürəm ki, onlar yenidən Azərbaycanın turizm simasına çevriləcək".
Bunu "Report"a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.
"Məsələn, təkcə Kəlbəcərə o vaxtlar müttəfiq respublikalardan ildə 50 min turist gəlirdi. Bu rayonun ərazisi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, Tərtər çayının vadisində, Kiçik Qafqaz dağlarında yerləşir, zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli termal sulara (İsti Su), tarixi abidələrə malikdir. Məsələn, xalq arasında “Xotavəng” və yaxud “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Kəlbəcərdə yerləşir. Bu obyekt Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Yəni rayon həm təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub və bundan sonra yenə də olacaq. Həmçinin Laçın rayonunun da turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir", - deyə o, qeyd edib.
C.Aşurovun sözlərinə görə, Kəlbəcər və Laçında həm iri turizm obyektləri yaradılmasını təşviq etmək, həm də kənd turizmini inkişaf etdirmək olar: "Gələcəkdə orada məskunlaşacaq əhali üçün kənd turizminin inkişafı çox vacibdir, onların gəlirlərinin formalaşmasına və artmasına xidmət edə bilər. Həmçinin yerli və xarici iş adamları iri turizm obyektləri tikməyə sövq edilməlidir. İnvestisiya axınını təmin etmək üçün iş adamları vergidən azad ediə bilər. Artıq Türkiyəli sahibkarlar Qarabağ bölgəsinə maraq göstərdiklərini ifadə ediblər".