"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin nəzdindəki Turizm Ekspertlər Klubunun üzvləri İsmayıllı və Şamaxı rayonlarının turizm potensialının araşdırılması məqsədilə bölgəyə səfər ediblər.
"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində ATAA-nın nümayəndələri Basqal qəsəbəsinin tarixi-memarlıq abidələrini ziyarət edib, İsmayıllı rayonunun aqro-eko turizm təsərrüfatlarında yaradılmış turizm məhsullarına baxış keçirib, eləcə də yerli şərab zavodunun fəaliyyəti və hotellərdən birinin imkanları ilə yaxından tanış olublar.
Turizm şirkətlərinin rəsmilərinə rayonun xalçaçılıq sənətinin inkişafı haqqında məlumat verilib, müxtəlif xalça nümunələri nümayiş olunub. Səfər çərçivəsində o cümlədən Şamaxı rayonuna da infotur təşkil olunub. İnfoturda ATAA-nın üzvləri rayonun arıçılıq təsərrüfatlarına baş çəkib, Şamaxı Astrofizika Rəsədxanasına və Şamaxı Safari Parkına səfər edərək buradakı şəraitlə tanış olublar.
Növbəti infoturun Gəncə şəhərinə təşkili nəzərdə tutulub.