İndiyədək Şuşaya turoperator vasitəsilə gedənlərin sayı açıqlanıb
- 14 may, 2024
- 13:26
İndiyədək “Summer Tour Azerbaijan” turoperatoru vasitəsilə Şuşaya mindən çox turist səfər edib.
Bunu “Report”a açıqlamasında “Summer Tour Azerbaijan” turoperatorunun icraçı direktoru Qüdrət Hacıyev deyib.
O bildirib ki, əvvəllər işğaldan azad olunmuş ərazilərə turların təşkili yalnız “Summer Tour Azerbaijan” tərəfindən həyata keçirilirdi: “Artıq digər turizm şirkətlərinə də bu istiqamətdə səfərlər həyata keçirməyə icazə verilib. Müraciət və istək olduqda onlar da turistlərin səfərlərini təşkil edə bilərlər”.
Q.Hacıyev qeyd edib ki, Qarabağa səfərlər əsasən Şuşa, daha sonra istək əsasında Suqovuşan istiqamətində olur: “Qarabağa səfər edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Təklif olarsa və lazımi icazələr alınarsa xarici turistlərin də aparılmasını təmin edə bilərik. Bundan əlavə Xankəndi və Laçın istiqamətində də turların təşkil edilməsini istərdik. Bununla bağlı icazələr olduqda məmnuniyyətlə həyata keçirəcəyik”.