Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) turizm nazirlərinin 11-ci konfransı çərçivəsində təşkilatın Baş katibi Hissein Brahim Taha ilə görüşüb. İƏT rəhbəri Hissein Brahim Taha Azərbaycanda keçiriləcək nazirlər toplantısının turizmin genişlənəcəyinə töhfə verəcəyini bildirib.
Dövlət Turizm Agentliyindən “Report”a bildirilib ki, F.Nağıyev İƏT turizm nazirlərinin 11-ci konfransına ev sahibliyi etməkdən məmnunluq duyduğunu qeyd edərək təşkilati dəstəyə görə qurumun Katibliyinə təşəkkürünü bildirib.
Agentlik sədri Baş katibə Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən sonra Qarabağda aparılan quruculuq işləri və azad edilmiş torpaqların turizm potensialı haqqında məlumat verərək Hissein Brahim Tahanı Şuşaya dəvət edib.
Həmçinin F.Nağıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına önəm verdiyini, artıq İƏT ölkələrinin turizm nazirlərinin 2 görüşünün Azərbaycanda keçirildiyini diqqətə çatdırıb.
Öz növbəsində Baş katib göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və iyunun 28-də keçiriləcək nazirlər toplantısının üzv ölkələr arasında turizm əlaqələrinin daha da genişlənəcəyinə töhfə verəcəyinə inamını ifadə edib.