Heydər Əliyevin 100 illiyi münasibəti ilə turizm sammiti keçiriləcək

Heydər Əliyevin 100 illiyi münasibəti ilə turizm sammiti keçiriləcək Bu ilin payız aylarında Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə turizm sammiti keçiriləcək.
Turizm
5 May , 2023 10:14
Heydər Əliyevin 100 illiyi münasibəti ilə turizm sammiti keçiriləcək

Bu ilin payız aylarında Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə turizm sammiti keçiriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Bakıda keçirilən, Ümummilli Liderin yubileyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI Beynəlxalq Elmi-Praktiki Konfransa ünvanladığı video-müraciətdə bildirib.

"Qarabağda görülən mühüm işlərlə əlaqədar bu gün sizə canlı qoşula bilməsəm də, bu konfransda sizi salamlamaq mənim üçün xoşdur. Müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Turizm Agentliyi silsilə tədbirlər icra edir. “Şahdağ Turizm Mərkəzi" QSC-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışları, Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib. Bununla yanaşı, “Heydər Əliyev və turizm” sənədli filminin, eləcə də kitabının üzərində işlərə başlanılıb. İl ərzində bu kimi silsilə tədbirlərimiz davam edəcək, o cümlədən turizm sammiti keçirəcəyik", - deyə o qeyd edib.

"Sevindiricidir ki, bu tədbirlərdən biri də Agentliyin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universitetində keçirilir. İstər müstəqillik dövründə, istərsə də müstəqillikdən əvvəlki sovet hakimiyyəti illərində Heydər Əliyev ölkəmizdə turizmin inkişafında müstəsna rola malik olub. O, 1970-ci illərdən başlayaraq turizmin inkişafına xüsusi diqqət ayırıb, 70-80-ci illərdə ölkədə böyük mehmanxana kompleksləri, kurortlar, turist bazaları, ekskursiya büroları yaradılıb. Turizm və ekskursiya işinin, kütləvi turizmin təşkili istiqamətində mühüm qərarlar və dövlət proqramları qəbul edilib",- deyə o vurğulayıb.

"Müstəqillik illərində ölkəmizin hərtərəfli inkişafına təkan verən mühüm hadisələr baş verib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilən uğurlu neft diplomatiyası, dövrün tələbinə uyğun daxili və xarici siyasət beynəlxalq səviyyədə ölkəmizi tanıdıb, Azərbaycanın müasir, inkişaf etmiş dünyaya inteqrasiya etməsinə səbəb olub. Nəticə etibarilə bütün bunlar ölkəmizə xarici investisiyaların cəlb edilməsini, müasir hotelçilik və turizm biznesinə sərmayə qoyuluşunun artmasını stimullaşdırdı. Həmçinin turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib. Bu uğurlu siyasətin məntiqi nəticəsi kimi, turizm sahəsində kiçik və orta sahibkarlıq inkişaf etdirilib, yeni infrakstrukturlar yaradılıb, xarici turistlərin sayı artmağa başlayıb, daxili turizmdə canlanma meydan gəlib. Dünya ictimaiyyətinə Azərbaycanın sahib olduğu zənginliklər və turizm potensialı haqqında məlumatlar verilib. Turizmin inkişafı, ölkənin xaricdə tanıdılması üçün ilkin addımlar atılıb. Heydər Əliyevin əzmi, siyasi iradəsi, uzaqgörənliyi, balanslı siyasəti ölkədə sabitlik, əmin-amanlıq yaradıb. Əminliklə deyə bilərik ki, Azərbaycan turizminin inkişafında ən vacib amillərdən biri olan bugünkü sabitliyi, təhlükəsizliyi, heç şübhəsiz, Heydər Əliyevə borcluyuq. Turizm sahəsinin hazırkı uğurlarının möhkəm özülü məhz o dövrdə Ulu Öndərin doğru qərarlarının, vaxtında və məqsədyönlü atılan düşünülmüş addımlarının nəticəsində qoyulub. 1999-cu ildə turizm haqqında qanunun hazırlanması ilə turizm sahəsində hüquqi əsaslar, dövlət siyasətinin əsas prinsipləri və turizm fəaliyyətinin əsasları müəyyənləşdirilib. 2001-ci ildə ölkəmizin Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilməsi ilə beynəlxalq turizm ictimaiyyətini Azərbaycan haqqında məlumatlandırmaq üçün mühüm platformaya sahib olduq", - deyə sədr fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi