Fuad Nağıyev: “Qətər əsas hədəf bazarlarımızdan biridir”

Fuad Nağıyev: “Qətər əsas hədəf bazarlarımızdan biridir” Azərbaycanla Qətər Dövləti arasında turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri oktyabrın 21-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hənz
Turizm
21 Oktyabr , 2022 17:35
Fuad Nağıyev: “Qətər əsas hədəf bazarlarımızdan biridir”

"Qətər Azərbaycan turizmi üçün əsas hədəf bazarlardan biridir".

"Report" Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hənzab ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin ləğv olunmasından sonra qarşılıqlı əməkdaşlıq üçün imkanları artıb.

Görüşdə Azərbaycanla Qətər arasında turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

F.Nağıyev gəlmə turizmində Azərbaycan üçün Körfəz ölkələri arasında Qətərin xüsusi əhəmiyyət kəsb etdiyini, Agentliyin bu istiqamətdən turist axınının intensivləşdirilməsində maraqlı olduğunu və ötən il ölkəmizin Dohada ilk dəfə keçirilən “Qatar Travel Mart” sərgisində iştirak etdiyini qeyd edib.

Agentlik sədri növbəti ay Futbol üzrə Dünya Çempionatının keçiriləcəyi tarixlərdə çempionatla bağlı Qətərə səfəri çərçivəsində Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında ölkə prezidentinin sərəncamını vurğulayaraq Azərbaycanın yarışlarla əlaqədar olaraq turist axınının tənzimlənməsi istiqamətində köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında olan qarşılıqlı dost münasibətlərinin qətərli turistlərin Azərbaycana səfər etməsinə töhfə verdiyini, bununla yanaşı birbaşa uçuşların və vizasız rejimin olması, təhlükəsizlik, həmçinin insanların qonaqpərvərliyinin Azərbaycanın turizm destinasiyası kimi seçilməsində mühüm amillər olduğunu bildirib. O, Azərbaycanın beynəlxalq yarışlar keçirməsi üzrə təcrübəsini vurğulayaraq bu kimi tədbirlərin turizmin inkişafına verdiyi töhfəni qeyd edib.

Qətərdən olan ziyarətçilərin, xüsusilə, qış turizminə maraqlı olduğunu, ölkəmizin bu sahədə potensialı və mövcud qış turizm mərkəzlərindəki xidmətlərin qətərli turistləri cəlb etdiyini qeyd edən səfir ölkəsinin Azərbaycanla turizm sahəsində əlaqələrə önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə hazırda gündəlik olaraq həyata keçirilən Doha-Bakı uçuşlarının sayının artırılması, turizm sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi, onlayn marketinq kampaniyalarının intensivləşdirilməsi, gələcək əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi