“Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) turizm bələdçilərinin yerli və beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması üçün beynəlxalq bələdçilik institutları və “Azərbaycan Akkreditasiya Mərkəzi” ilə əməkdaşlıq edir”.
“Report” xəbər verir ki bunu, Büronun icraçı direktoru Florian Zenqstşmid turizm bələdçilərinin sertifkatlaşdırılması orqanına akkreditasiya attestatının təqdim edilməsi zamanı bildirib.
O, əlavə edib ki, bələdçilərin akkreditasiyadan keçirilməsi turizmin inkişafına mühüm töhfə verəcək: "Azərbaycana gələn turistlər üçün bələdçilərin verdiyi informasiya mühüm əhəmiyyət kəsb edir".
“Azərbaycan Akkreditasiya Mərkəzi”nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Emin Zeynalov isə bildirib ki, bələdçilərin akkreditasiyası ATB ilə onun təmsil etdiyi qurum arasında əməkdaşlıq nəticəsində baş tutub: "Bu bizim ilk belə əməkdşalığımız deyil. Bundan öncə də hotellərə ulduz sertifikatlarının verilməsi zamanı əməkdaşlıq etmişik”.