Əhməd Qurbanov: “Çimərliklərin ətrafında hotellərin sayı artırılmalıdır”

Əhməd Qurbanov: “Çimərliklərin ətrafında hotellərin sayı artırılmalıdır” Bakının sahil kənarı ərazilərindəki çimərlik və çimərlik ətrafı yerlərdə əyləncə atraksionları və hotellərin sayının artırılmasına ehtiyac var.
Turizm
21 İyun , 2022 12:41
Əhməd Qurbanov: “Çimərliklərin ətrafında hotellərin sayı artırılmalıdır”
Əhməd Qurbanov

Bakının sahil kənarı ərazilərindəki çimərlik və çimərlik ətrafı yerlərdə əyləncə atraksionları və hotellərin sayının artırılmasına ehtiyac var.

Bu barədə “Report”a açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib.

O, qeyd edib ki, yeni atraksionlar yerli və xarici turistlərin marağına səbəb olacaq, hotellərin sayının çox olması isə bazarda rəqabəti müsbət yöndə tənzimləyəcək:

“Çimərliklər üçün müxtəlif əyləncə atraksionları quraşdırılmalıdır. Bu cür atraksionlar çimərliklərimizdə çox olsa da, artıq onların sayı yetərli deyil. Çimərliklərimizdə daha müasir əyləncə atraksionlarını görməyin vaxtıdır.

Eyni zamanda çimərlik ətrafı ərazilərdə hotellərin sayı azdır. Bu ərazilərdə nəinki 5 ulduzlu, 3,4 ulduzlu hotellərin də sayını artırmalıyıq. Belə olanda həm bazarda rəqabət yaxşılaşacaq, həm də insanlar öz büdcələrinə uyğun hotellərdən istifadə edə biləcəklər”.

Ə.Qurbanov çimərliklərdə təhlükəsizlik və təmizlik tədbirlərinin görüldüyündən danışıb:

“İyunun əvvəlindən müvafiq qurumlar çimərlik mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçib və çimərliklərdə bütün təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunur. Həm ictimai, həm özəl çimərliklərdə ciddi şəkildə təhlükəsizlik qaydaları yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılır. Çimərliklərdə təhlükəsizlik şarları və bütün lazımı avadanlıqlar quraşdırılıb.

Assosiasiya olaraq çimərliklərin ətrafındakı hotellərdə də monitorinqlər aparmışıq və görürük ki, həmin hotellər də artıq işlərini yekunlaşdırıb, turistlər üçün hazır vəziyyətə gətirilib. Çimərlik ətrafı ərazilərin və hotellərin ərazisindəki çimərliklərin təmizliyi də maksimum şəkildə həyata keçirilib”.

İB-in sədri bildirib ki, pandemiya şəraitinin davam etməsinə baxmayaraq yay mövsümünün gəlişi ilə əlaqədar Azərbaycanda daxili və xarici turizm sektorunda canlanma yaşanır, ölkəyə gələn turistlərin sayı artır: "Çimərliklər yayda Bakıya gələn turistlərin ən çox üz tutduqları yerlərdir. Hazırda çimərlik yanı ərazilərdəki hotellərdə kifayət qədər xarici turistlər var”.

Xatırladaq ki, hər il olduğu kimi bu il də iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Müvafiq qurumların monitorinqləri əsasında çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib. Bakıda yaradılan bütün ictimai çimərliklər tam hazır vəziyyətə gətirilərək paytaxt sakinlərinin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi