Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı səyahət agentlikləri və turoperatorların gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 22,4 mln. manat olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müəssisələr 29,7 min turistə xidmət göstərib.
Bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5% çoxdur.
Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub. Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış almış Azərbaycan ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37%, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7% artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7% azalma müşahidə olunub.
Səyahət agentlikləri və turoperatorlar 15 min ədəd turizm yollayışı satıb ki, bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edib. Azərbaycan vətəndaşlarının aldığı yollayışların 11,8 mini (84,9%-ni) xarici ölkələrə, 2,1 mini (15,1%-ni ) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.
Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 mln. manat olub ki, bunun da 14 mln.manatını və yaxud 88,1%-ni xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarına satılmış yollayışların dəyəri təşkil edib. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2% artaraq 1 059,8 manat, o cümlədən Azərbaycan vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılmış bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1 182 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir yollayışın orta dəyəri isə 812,1 manat olub.
Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20 min nəfər olub, onların 47,7%-i Türkiyə, 12,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,4 %-i Rusiya Federasiyası, 9,1%-i İran, 3%-i Almaniya, 1,6%-i Gürcüstan, 1,4%-i İtaliya, 1,3%-i Çexiya, 0,7%-i Ukrayna və 10,1%-i digər ölkələrə səyahət edib.
2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 6,3 min nəfər olub ki, onların 21,2%-i İsmayıllı, 19,3%-iQəbələ, 16,7 %-i Xaçmaz, 12,7%-i Xəzər, 9,7%-i Qusar, 5,4%-i Quba, 4,5%-i Qax və 10,5%-i ölkənin digər şəhər və rayonlarında istirahət edib.