Bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin mayın 18-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndindəki “Ağalı” hoteldə olublar.
“Report”un Zəngilana ezam olunmuş nümayəndəsi məlumat verir ki, hotelin binası üç mərtəbədən ibarətdir.
Bildirilib ki, Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir.
Qeyd olunub ki, hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.
Məlumat verilib ki, hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.