Bakı. 14 sentyabr. REPORT.AZ/ Oktyabrın 18-21-də "Baku Expo Center"ə regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan X Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri ("SecurikaCaspian 2017") sərgisi keçiriləcək.
Tədbirin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətindən "Report"a verilən məlumata görə, sərgiyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində isə həmçinin Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.
Bu il “SecurikaCaspian 2017” sərgisinin iştirakçıları Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları,yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim edəcək.
Sərginin işgüzar proqramı çərçivəsində sözü gedən sənaye sahəsinin peşəkarları üçün ikitərəfli biznes görüşlərinin keçirilməsi planlaşdırılır.
“WorldBuild Baku” və “Aquatherm Baku” sərgiləri ilə eyni meydançada keçiriləcək “SecurikaCaspian 2017” sərgisi Xəzər İnşaat Həftəsinin tərkib hissəsidir.