Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri başlayıb

Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri başlayıb Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində 28 ölkəni təmsil edən 331 şirkət iştirak edir
Turizm
17 May , 2017 11:15
Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri başlayıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakıda XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan-2017") və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro-2017") sərgiləri işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır. İştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lankanı təmsil edən 6 milli qrup yer alıb.

“WorldFood Azerbaijan-2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Macarıstan, Şri-Lanka və Belarus sərgidə milli stendlərlə çıxış edir. Stavropol diyarı (Rusiya) tədbirdə regional stendlə iştirak edir.

Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçıları qrupuna rəhbərlik edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı “Belarus” mağazalar şəbəkəsi sərgidə debüt edir.

“Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Gilan Holding”, “Metak” şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə “Amoris” və “Buta Group” şirkətlərinin timsalında təmsil olunub. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən “Bal Xurma” şirkəti, “Sem-Az” (laboratoriya avadanlıqları) və “Enes” (qablaşdırma) şirkətləri yer alır.

“WorldFood Azerbaijan-2017” sərgisinin iştirakçıları qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s. sektorlar üzrə öz məhsullarını təklif edir.

Bu il ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – "workshop" təşkil edib. "Workshop" iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribyutorlardır. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcək.

Üç gün davam edəcək “WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (“Ipack Caspian-2017”) sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbirlə müqayisədə, bu il “Ipack Caspian” iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənib. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edir.

Bu gün işə başlayan “CaspianAgro 2017” sərgisi isə dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri-Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland və builki debütant Çinin Ciangşi vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderlan ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir.

Builki sərgi iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30% artıb. Sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir.

Sərginin builki debütantları arasında “Asena Ko”, “D.Fruits”, “Binе Agro”, “Buzovna Şitili” və “Azdynamics” kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaycan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya), “Qala” sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s. qeyd etmək olar.

Son xəbərlər

Orphus sistemi