Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45,7 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (589,4 milyon ABŞ dolları) ixracı (488,2 milyon ABŞ dolları) üstələməsi nəticəsində 101,2 milyon ABŞ dolları həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16,3 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43,9 % artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488,2 milyon ABŞ dolları olub. Bunun 71,5 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 31,2 % azalaraq 15,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 25,5 % artaraq 577,3 milyon ABŞ dolları olub.