Azərbaycanda qış turizmi üçün hansı potensial var?

Azərbaycanda qış turizmi üçün hansı potensial var? Dünya ölkələri qış turizminin inkişafına böyük önəm verir. ABŞ-ın Çikaqo şəhəri, Yellouston Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge, Çexiyanın Praqa şəhəri, Finlandiyada Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, Tacikistanda Pamir
Turizm
11 Yanvar , 2023 13:39
Azərbaycanda qış turizmi üçün hansı potensial var?

Dünya ölkələri qış turizminin inkişafına böyük önəm verir. ABŞ-ın Çikaqo şəhəri, Yellouston Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge, Çexiyanın Praqa şəhəri, Finlandiyada Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, Tacikistanda Pamir dağları, Monqolustanda Qobi səhrası əraziləri dünyanın məşhur turizm destinasiyalarından hesab olunur. Bu ərazilərdə xokkey, konkisürmə, buzda balıq ovu, qarda at sürmə, enişdə xizək sürmə, qış festivalları və digər qış turizm fəaliyyətləri təşviq etdirilir.

Bəs Azərbaycanda qış-turizmi üçün hansı potensial var və bu potensialdan necə istifadə edilir?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva “Report”a açıqlamasında bildirib ki, qış mövsümündə Azərbaycanda əsas turistik istiqamətlər ənənəvi olaraq Şimal turizm koridoru üzrə Quba və Qusar, Şimal-qərb turizm koridoru üzrə Qəbələ, İsmayıllı, Şamaxı, eləcə də qərb və cənub bölgələridir:

“Şimal istiqaməti üzrə turist axınına təkan verən əsas səbəblərdən biri Qusarda “Şahdağ” Turizm Mərkəzi, şimal-qərb üzrə isə Qəbələdə yerləşən “Tufandağ” Xizək Kompleksidir. Xüsusilə, son günlərdə qarın yağması ilə əlaqədar bölgələrə üz tutan turistlərin sayında artım müşahidə edilir. Ümumilikdə, xarici turistlər arasında qış destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan ziyarətçilər üz tuturlar. Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır".

G. Mustafayevanın sözlərinə görə, işğaldan azad edilən ərazilər, xüsusilə Kəlbəcər qış turizm imkanlarının yaradılmasına şərait yaradan əlverişli potensiala malikdir: "Qış aylarında ərazi quruluşu, relyef, dağın hündürlüyü, meyillilik, havanın temperaturu, yağıntının miqdarı və qalma müddəti kimi amillər qiymətləndirilərək ərazidə qış turizm mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutula bilər".

DTA-nin mətbuat katibi hesab edir ki, bölgələrdə qış turizm komplekslərinin yaradılması turizmin mövsümlülüyünün aradan qaldırılması, davamlı turizmin inkişafını təmin edir: "Eyni zamanda regionlarda yaradılan bu mərkəzlər iqtisadi və sosial baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət Turizm Agentliyi tərəfindən il boyu beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və ötən ildən Naxçıvanda istifadəyə verilən Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır”.

Bildirilir ki, dekabr ayı ərzində ölkəmizə 143 814 nəfər xarici ziyarətçi gəlib ki, bu rəqəm 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 47 % artım deməkdir. Dekabr ərzində ən çox ziyarətçi Rusiya, Türkiyə, İran, Gürcüstan, BƏƏ, Hindistan, Pakistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Qazaxıstandan olub. Bütövlükdə 2022-ci il ərzində ölkəmizə 1,602 milyon xarici ölkə vətəndaşı gəlib ki, bu da 2021-ci illə müqayisədə 103 % artım, pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə isə təxminən 50 % bərpa deməkdir, deyə G.Mustafayeva qeyd edib.

Turizm eksperti Rəhman Quliyev də “Report”a açıqlamasında “Şahdağ” və “Tufandağ” komplekslərinin önəmini qeyd edib:

“Azərbaycanda bir neçə gündür davam edən qarlı hava şəraiti dağlıq bölgələrimizə, xüsusən Qusarda “Şahdağ” və Qəbələdə “Tufandağ” dağ-xizək komplekslərinə yerli və əncəbi turist axınını artırıb. Naxçıvanda da “Ağbulaq” xizək mərkəzi var. Ora da qiymət və keyfiyyət baxımından yaxşı fəaliyyət göstərir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasından sonra yerli və xarici turistlər daha rahat şəkildə gəlib bu istirahət mərkəzində dincələcəklər. Bu istiqamətdə həm Zəngəzur dəhlizinin açılması, həm də Zəngilan və Füzulidəki beynəlxalq hava limanları mühüm rol oynayacaq".

Onun sözlərinə görə, gələcəkdə tək Naxçıvanda deyil, Qarabağda da dağ-xizək kurortlarının açılması zərurəti yaranacaq: "Biz böyük köçə nail olduqdan sonra Qarabağın relyefinə uyğun olaraq bu cür komplekslərin orda tikilib istifadəyə verilməsi yerli və əcnəbi turistlərin böyük marağına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi