Azərbaycandan xaricə turist axını getdikcə artmaqdadır.
Məsələn, 2023-cü ilin yanvar-noyabr aylarında 1 709,4 min nəfər ölkə vətəndaşı xaricə səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur.
Sirr deyil ki, Azərbaycanı tərk edənlərin hamısı aviabilet, hotel və digər xidmətlərin haqqını ödəmək üçün eyni maddi imkana malik deyil. Bu baxımdan ödənişin hissə-hissə (tədricən) həyata keçirilməsi insanların işini asanlaşdırardı. Bəs ölkəmizdə kreditlə səyahətə getmək mümkündürmü? “Report” mövzunu turizm üzrə mütəxəssislərlə müzakirə edib.
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda kreditlə səyahət etmək təcrübəsi geniş yayılmayıb, bu da kredit təşkilatlarının, o cümlədən bankların turizm şirkətlərinə etibar etməməsi ilə bağlıdır.
"Azərbaycanda turizm şirkəti açmaq çox asandır. Bunun üçün böyük məbləğdə vəsaitə və xüsusi icazəyə (lisenziya) ehtiyac yoxdur. Odur ki, bazar iştirakçılarının sayı getdikcə artır. Bu sahəyə baş vuranların bir çoxu da təcrübəsiz adamlardır. Onlar özlərini sınamaq üçün turizm xidmətləri göstərirlər. Bəzilərində bu iş uğurlu alınsa da, çoxunda uğursuzluqla nəticələnir. Odur ki, nizamsız şirkətlər bazarda çoxluq təşkil edir. Banklar da bunu nəzərə alaraq turizm şirkətləri ilə müqavilələr bağlamırlar. Son nəticədə turizm sahəsinin inkişafı üçün ixtisaslaşmış kredit məhsullarımız yox dərəcəsindədir. Bəzən daxili kreditlə turpaketlər satılır, onları da əsasən xaricə gedənlər alırlar. Çünki, daxili turizmdə qiymətlər xarici turizmlə müqayisədə aşağıdır, ölkə daxilində səyahət edənlərin hissə-hissə ödənişə ehtiyacı olmur", - deyə o qeyd edib.
"Azərbaycan Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurov isə deyir ki, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hamısı kreditlə və yaxud hissəli ödənişlə turpaket satmırlar.
“Turpaketlərin taksitlə satılması halları var. Bu da bir növ satış üsuludur. Çünki bəzi insanlar turpaketin məbləğini bir dəfəyə ödəyə bilmir. Bunu nəzərə alan bəzi turizm şirkətləri məbləğin əhəmiyyətli hissəsini bəri başdan alıb, qalanını aylara bölməklə məhsullarını satmağa çalışırlar. Ya da şirkətlər hansısa bankla anlaşıb müştərilərinə bu imkanı yaratmağa səy göstərirlər. Bunu da ancaq özgüvəni olan, bazarı yaxşı bilən, müştəri bazası olan turizm şirkətləri edə bilirlər. Çünki, bu məsələdə düzgün siyasət yürüdülməsə maliyyə çətinliyi yarana bilər. Adətən kreditlə satılan turpaketlərin qiymətlərinə endirim edilmir. Bu halda nağd ödəniş daha sərfəli olur. Lakin bəzi müştərilər il boyu hissə-hissə ödəməyə üstünlük verirlər”, – deyə o qeyd edib.