Azərbaycanda bayram günlərində hotellərdə sıxlıq yaşanıb

Azərbaycanda bayram günlərində hotellərdə sıxlıq yaşanıb Azərbaycanda bayram günlərində hotellərin qiymətində 50 %-dən çox artım olmasına baxmayaraq əksəriyyətində sıxlıq müşahidə olunub.
Turizm
7 Yanvar , 2024 19:00
Azərbaycanda bayram günlərində hotellərdə sıxlıq yaşanıb

Azərbaycanda bayram günlərində hotellərin qiymətində 50 %-dən çox artım olmasına baxmayaraq əksəriyyətində sıxlıq müşahidə olunub.

Bu barədə “Report”a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib.

Onun fikrincə, ötən illərlə müqayisədə qiymət artımı daha yüksək olub: "Regionlarda demək olar ki, bütün hotel nömrələri dolu olub".

"Qış fəslində adətən turistlərin üz tutduğu ən populyar istiqamətlər Qəbələ və Qusar olur, çünki onlar daha çox xizək turizminə üstünlük verirlər. Azərbaycandan kənarda istirahət edənlər isə daha çox isti ölkələrə, Dubay, Abu-Dabi kimi şəhərlərə gedirlər. Eyni zamanda Türkiyə və Avropa ölkələrinə maraq olub”, - deyə G. Qəhrəmanov qeyd edib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, bəzi hotellərin təklifləri ötən ildəki bayram qiymətlərinə uyğun olub: “Demək olar ki, regionlarda fəaliyyət göstərən iri hotellərdə doluluq faizi bayram günlərində 100 % və yaxud bu rəqəmə yaxın olub".

O hesab edir ki, daxili turizmin imkanları ildən-ilə inkişaf etdiyi üçün turların sayında artım müşahidə olunur, bununla bağlı yerləşmə vasitələrinə tələbat var: "Düşünürəm ki, hotellərin və səyahət agentliklərinin regionlarda sayı artırılmalıdır. Kiçik yerləşmə vasitələrinin sayının artırılması rəqabət mühitinin formalaşmasına, nəticədə isə qiymətlərin tənzimlənməsinə gətirib çıxarrır".

S.Dübəndi qeyd edib ki, bu il Yeni il proqramı daxil olmaqla bir otağın qiyməti 400-600 manatdan başlayıb.

Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə bildirib ki, regionlarda hotellərin doluluq səviyyəsi paytaxta nisbətən, təxminən 80-90 % yüksək olub: "Bu isə regionlara yerli turistlərlə yanaşı xarici vətəndaşların da üz tutması ilə əlaqədardı. Azərbaycan vətəndaşlarının bir qismi xaricdə istirahət edib, bir qismi isə ölkə daxilində, regionlarda öz istirahətlərini təşkil edib. Bakıdakı hotellərdə 60-70 %-ə qədər doluluq müşahidə olunub.

Aşurov hesab edir ki, ötən illə müqayisədə qiymət artımı olmayıb: "Əksinə, bəlkə də daha uyğun qiymətə istirahət üçün yerlər tapmaq mümkün idi. Bu il hotellərdə Yeni il proqramı daxil olmaqla bir otağn qiyməti minimum 400 manatdan başlayıb. Lakin hər il olduğu kimi, turizm obyektlərində qiymətlərin yüksək olması ilə bağlı narazılıqlar olub. Bunların səbəbi də tələbatın yüksək olması ilə əlaqəlidir. Ümumi götürdükdə 2022-ci illə müqayisədə nə qiymətdə, nədəki xidmətdə elə bir böyük fərq olmayıb".

Onun sözlərinə görə, Azərbaycanda turizmin pandemiyadan sonrakı bərpa sürəti dünyada olan turizm bazarının bərpasından müəyyən qədər geridə qalır: "Bunun da səbəbi təbii ki, quru sərhədlərinin bağlı olmasıdır".

Son xəbərlər

Orphus sistemi