Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Şimali Kiprin “Tripholi” şirkəti arasında turizmin bərpası və inkişafına həsr olunan işgüzar görüş keçirilib.
Bu barədə "Report"a ATAA-dan məlumat verilib.
Yerli turizm şirkətlərinin və hotel şəbəkələrinin nümayəndələrinin qatıldığı tədbirin məqsədi postpandemiya dövründə turizmin bərpası və inkişafına dəstək olaraq xarici ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də qarşılıqlı tanışlıq səfərlərinin təşkilini həyata keçirməklə turist sayının artırılmasına dəstək olmaqdır.
Tədbirdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev açılan yeni istiqamətlərin və ölkələrin turizimçilər üçün yeni imkanlar yaratdığını deyib. O, Şimali Kiprlə qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsinin turizmin inkişafına böyük töhvə verəcəyini bildirib, bu ölkədən olan turistləri həm qış aylarında, həm də yay fəslində Azərbaycana səfər edərək ölkəmizi yaxından tanımağa dəvət edib. Sədr turizm sənayesi nümayəndələrinin Şimali Kiprdəki turizm şirkətləri ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.
Azərbaycanda olduğu müddətdə ölkənin əksər turizm bölgələrinə səfər etdiyini deyən Şimali Kiprin Bakı təmsilçisi Mustafa Kamal Beyazbayram Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirdirib. O Azərbaycanın gözəl təbiətinin, qonaqpərvər xalqının, milli mətbəx zənginliyinin turistlər tərəfindən hər zaman sevildiyini bildirib.