Dövlət Turizm Agentliyinin nümayəndə heyəti turizm və rekreasiya zonalarının yaradılmasında əsas aspektlərin mənimsənilməsi, bu zonaların inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə bu ölkənin Ankara və Afyonkarahisar şəhərlərinə səfər edb.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, səfər qurumla Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında yaradılmış Turizm üzrə Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Fəaliyyət Planının icrası məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində Türkiyənin Turizm Nazirliyinin İnvestisiya və Müəssisələr üzrə Baş İdarəsinin nümayəndələri və Afyonkarahisar şəhərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib. İkitərəfli turizm əlaqələrinin perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə edilib və birgə fəaliyyətlərin həyata keçirilməsinə dair razılıqlar əldə edilib.
Həmçinin Türkiyənin termal paytaxtı hesab olunan Afyonkarahisar şəhərinin bu istiqamətdə təcrübəsinin Kəlbəcər rayonunda termal su mənbələrinin müalicə-sağlamlıq məqsədilə istifadəsinin tətbiq edilməsi üzrə dəyərləndirmələr aparılıb.