2022-ci ilin I rübündə Azərbaycan mehmanxanalarının gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74,8% artaraq 59,7 milyon manat olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, rüblük gəlirin 54,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9% səviyyəsində olub (ötən ilin yanvar-mart aylarında 7,8%). Bu göstərici Şabranda 85,5%, Qubada 29,6%, Beyləqanda 28,0%, Qusarda 27,2%, Naftalanda 26,4%, Ağcabədidə 20,5%, Göyçayda 17,7%, Sabirabadda 17,7%, Qəbələdə 15,3%, Bakıda 14,0%, Lənkəranda 13,9%, Bərdədə 11,9%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.