"Azərbaycan Hava Yolları" QSC, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sənədə noyabrın 15-də Çinin paytaxtı Pekində imza atılıb.
İmzalanma mərasimində AZAL-ın icraçı direktorunun I müavini Nazim Səmədov, ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid, “China Tourism Group”un baş direktorunun müavini Van Çençen və digər rəsmi şəxslər iştirak ediblər.
Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
“Bu təşəbbüs Azərbaycan və Çin arasında turizmin inkişafı və turist axınının artırılmasına töhfə verəcək. AZAL müasir təyyarə parkına malik dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biridir və marşrut şəbəkəsini daima genişləndirməkdədir. Belə ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əlavə, AZAL gələcəkdə Çin istiqamətlərini inkişaf etdirməyə hədəflənib”, — deyə N.Səmədov bildirib.
F.Zenqstşmid isə Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edib, imzalanmış memorandumun Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının daha da artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. O, bu ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib, bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.