Bakı. 4 may. REPORT.AZ/ Rusiya və Ukrayna "Eurovision" ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Avropa Yayım Birliyi tərəfindən sanksiyalarla üzləşə bilər.
"Report" "Heute"yə istinadən xəbər verir ki, bu barədə müsabiqənin təşkilat komitəsinin rəhbəri Frank-Diter Fraylinq bildirib.
Onun sözlərinə görə, Ukrayna nöqteyi-nəzərdən hüquqi vəziyyət aydındır, amma yenə də bu, AYB-nin reqlamentinin pozulmasıdır və belə pozuntu cəzalandırılmalıdır.
"Rusiyaya gəlincə, Moskva Kiyevdə baş tutan müxtəlif "icbari" tədbirlərdə iştirak etməyib", - komitə rəhbəri vurğulayıb.
Xatırladaq ki, daha öncə rəsmi Kiyev rusiyalı müğənni Yuliya Samoylovaya icazəsiz şəkildə Krıma getdiyinə görə Ukrayna ərazisinə girişi qadağan edib. Rusiya isə belə olacağı təqdirdə bu il müsabiqənin ölkədə yayımlanmayacağını bəyan edib.