Məşhur Amerika mediafranşizası olan “Forsaj”ın 9-cu filmində hadisələrin cərəyan etdiyi məkanlar arasında Azərbaycan da var.
“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, filmin Azərbaycanla bağlı hissəsi gizli bunkerdə çəkilib.
“Filmdə hadisələr dünyanın dörd bir yanında - Londondan Tokioya, Mərkəzi Amerikadan Edinburqa, Azərbaycandakı gizli bunkerdən Tbilisinin insandolu küçələrinə qədər hər yerdə baş verir. Köhnə dostlar yenidən bir araya gələcək, köhnə düşmənlər geri dönəcək və tarix yenidən yazılacaq”, - məlumatda deyilir.
“Forsaj 9” filmini daha əvvəl franşizanın dörd hissəsinin yaradılmasında iştirak edən amerikalı rejissor Castin Li çəkib. Bu, “Universal” studiyasının ən böyük və ən gəlirli franşizasıdır - bütün hissələrin dünya üzrə kassa gəliri 5,8 milyard ABŞ dollarından çoxdur.
Film bu il mayın 21-dən nümayiş olunacaq.
Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında “Forsaj” franşizasının sonuncu – 10-cu hissəsinin 2021-ci il aprelin 1-nə planlaşdırıldığı açıqlanıb.