Premyerasından 17 gün sonra “Barbi” filmi həftəsonu 1 milyard dollardan çox gəlir əldə edib.
“Report” “Variety”yə istinadən xəbər verir ki, film Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir qazanıb.
Nəşrin məlumatına görə, Qreta Gerviq filmi bu qədər pul qazanan ilk qadın rejissor olub. Bu, həm də “Warner Bros” üçün rekorddur. 19 gündə 1 milyard dollar qazanan ən sürətli film "Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə" olub.
Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.