Xudatın məşhur bazarı: ərazi üfunət qoxuyur, məhsullar çirkli piştaxtalarda satılır - REPORTAJ

Xudatın məşhur bazarı: ərazi üfunət qoxuyur, məhsullar çirkli piştaxtalarda satılır - REPORTAJ Xaçmaz rayonunun Xudat şəhərinin məşhur bazarı bərbad vəziyyətə düşüb və buranın mövcud durumu şəhərin görkəminə xələl gətirir.
Sosial müdafiə
15 Noyabr , 2022 15:00
Xudatın məşhur bazarı: ərazi üfunət qoxuyur, məhsullar çirkli piştaxtalarda satılır - REPORTAJ

Xaçmaz rayonunun Xudat şəhərinin məşhur bazarı bərbad vəziyyətə düşüb və buranın mövcud durumu şəhərin görkəminə xələl gətirir.

Bu barədə "Report"un Şimal burosuna yerli sakinlər məlumat verib.

Bildirilib ki, uzun müddətdir şəhərin "Həftə bazar"ı yararsız hala düşüb. Elə məhz buna görə də əməkdaşımız həmin əraziyə yollanıb və bazarın vəziyyəti ilə yaxından tanış olub. Məlum olub ki, böyük bir ərazini əhatə edən bazarda səliqəsizlik, antisanitariya və natəmizlik baş alıb gedir. Kənd təsərrüfatı məhsulları ayaq altında, tozun-torpağın və ya palçığın içərisində satışa çıxarılır. Bəzi məhsullar isə çirkli piştaxtaların üzərində alıcılara təqdim olunur.

Həm satıcılar, həm də alıcılar söyləyir ki, bazarda yayda toz-torpaq, qışda isə palçıq əlindən hərəkət etmək əsl müşkülə çevrilir. Bazarın ərazisi asfaltla örtülmədiyindən ərazi bərbad vəziyyətə düşüb. Onların sözlərinə görə, bazarda hökm sürən antisanitariya şəraiti və ətrafa yayılan üfunət qoxusu müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Buna görə də, şəhərin yeganə böyük bazarı yerli sakinlər arasında "Somali" bazarı kimi də tanınır.

Sakinlər vurğulayıb ki, Xudat bazarına ölkənin, demək olar ki, bütün rayonlarından həm satıcılar, həm də alıcılar üz tutur. Bundan əlavə, Xudatın turist şəhəri olması bəzi hallarda bazarda izdihamların yaşanmasına da səbəb olur. Bundan əlavə, qonaqlar arasında şəhər haqqında mənfi təəssüratların yaranmasına gətirib çıxarır. Sakinlər bildirir ki, bazar uzun illərdir mövcud şəraitdə fəaliyyət göstərir və 2-3 manat civarında rüsum ödəməklə hər kəs burada öz məhsullarını satışa çıxara bilir. Satıcılar hesab edir ki, bazar rəhbərliyinə ödənilən pullar ərazinin abadlaşdırılması üçün kifayət etmir.

Bazarın rəhbərliyindən isə "Report"un yerli bürosuna bildirilib ki, əldə etdikləri gəlirin müəyyən hissəsini obyektin işçilərinin əmək haqlarına, bir qismini isə vergiyə ödəyirlər. Qeyd edilib ki, yerdə qalan digər vəsait isə bazarın təmir işlərinə sərf olunur. Bildirilib ki, ərazidə palçıq və su gölməçələrinin yaranmasının səbəbi ərazidə kanalizasiya xətlərinin olmamasıdır.

Ümid edirik, şəhərin mərkəzində yerləşən "Həftə bazarı"ndakı nöqsanlar aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi