Bakı. 22 fevral. REPORT.AZ/ Əmək və Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı müəyyən məhdudiyyətləri aradan qaldırıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir xatırladıb ki, ötən illərdə Azərbaycanda ailənin banklara və kredit təşkilatlarına ödədiyi aylıq ödəmənin məbləği həmin ailənin orta aylıq gəlirinin yarısından çox olurdusa, həmin ailənin ünvanlı sosial yardımla bağlı müraciəti ilə bağlı "imtina" qərarı verilirdi: "Artıq bu məhdudiyyət aradan qaldırılıb. Yeni qaydalarda bu məhdudiyyət yoxdur. İkinci bir məhdudiyyət ondan ibarət idi ki, əgər ailənin ali məktəblərdə və ya orta ixtisas məktəblərində ödənişli təhsil alan üzvü var idisə və ailə onun üçün əvvəlki 12 ay ərzində minimum əmək haqqının 10 mislindən çox ödəniş etmişdisə, bu halda ailənin ünvanlı sosial yardım almaq hüququ olmurdu. Bu məhdudiyyət də aradan qaldırılıb, amma bir şərtlə, əgər belə bir ödəmə olunubsa onda bu, ailənin gəlirlərinə ünvanlı sosial yardım hesablanan zaman daxil ediləcək. Deməli, o ailənin gəlirləri olub ki, həmin gəlirləri qeyd olunan məqsəd üçün yönəldib. Maraqlı deyil ki, ailə bu gəliri hansı mənbədən əldə edib. Bunlar çox mühüm dəyişikliklərdir ki, son qərarlarda öz əksini tapıb".