Yuxarı

Hökumət tikinti sənədləşməsi ilə bağlı yeni qaydaları təsdiqləyib

Yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 10 gün müddətində sənəd və məlumatları Reyestrə təqdim edir

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nı təsdiq edib.

"Report"un məlumatına görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Sənəd şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

Qaydalar, əsasən, Reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini, məlumatların Reyestrə təqdim edilməsini, məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini, məhdudiyyət və qadağaların qeydiyyatını müəyyən edir. Reyestrin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir.

Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

Reyestrə daxil edilən məlumatların tərkibi tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, situasiya planı və təyinatı barədə məlumatlardan ibarətdir.

Tikinti obyektinin istismarına icazə verilməsi üçün tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı, tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki), Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı, Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi), Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri və Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməlidir.

Təsdiq edilən qaydalara əsasən, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 10 gün müddətində sənəd və məlumatları Reyestrə təqdim edir. Eyni zamanda bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına göndərilir.

Sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 iş günü müddətində məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına əsaslandırılmış imtina məktubu göndərilir. Yerli icra hakimiyyəti orqanı çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 iş günü müddətində Reyestrə təqdim edir.

Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibati-ərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması), bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə verilir.

Qaydalara əsasən, tikinti obyektinin istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti orqanları sənədləri 5 iş günü müddətində Reyestrə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir.

Sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdilən tarixdən 10 gün müddətində Reyestrə təqdim edirlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 iş günü müddətində elektron bazaya daxil edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi