Koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirlərinə ehtiyac olan sektorlardan biri də ictimai nəqliyyatdır. Sərnişin sayının yüksək olduğu paytaxtda ictimai nəqliyyatın fəaliyyətini yeni şəraitə uyğunlaşdırmaq xüsusilə əhəmiyyətlidir, çünki virusun yayılması üçün ən münbit məkanlardan biri elə avtobuslar və metrodor.
Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilir, əhaliyə davranma qaydaları barədə çağırışlar edilir, daşıma fəaliyyətlərinin baş verən proseslərə uyğun tənzimlənməsinə cəhd edilir. Bəs görəsən avtobuslarla sərnişin daşınması təhlükəsizdirmi, sərnişinlər vaxtında mənzil başına çata bilirmi?
Məsələni “Report”a şərh edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu mübarizədə ön sıralarda olanlardan biri də ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən, ona nəzarət edən və ictimai nəqliyyatda sərnişin daşımalarını bilavasitə həyata keçirənlərdir: “BNA əməkdaşlarından tutmuş sıravi sürücülərə qədər hər kəs bu işdə öz qüvvəsini ortaya qoymalıdır ki, ictimai nəqliyyatda da təhlükəsizlik təmin olunsun. Çünki virusun yayılması ilə əlaqədar yaranan şərait tam yeni yanaşmalar tələb edir”.
Ekspert deyib ki, sərnişindaşımada iki önəmli məsələ var:
“Bunlardan birincisi təhlükəsizlikdir. İkincisi başlıca məsələ isə mobilliyin, yəni insanların rahat şəkildə bir yerdən başqa yerə gedib-gəlməsinin təmin olunmasıdır. Koronavirusla mübarizə şəraitində də həmin məsələlərin hər iksi aktualdır. Sadəcə, məcburi olaraq hər iki məsələnin bir qədər mahiyyəti dəyişib. Artıq təhlükəsizlik deyəndə təkcə yol hərəkəti təhlükəsizliyindən söhbət getmir, həm də sanitar-epidemioloji təhlükəsizlik önə çəkilir. Mobilliyin təmin olunmasındakı fasiləsizlik də, əslində, tam yeni məzmun kəsb edir. Çünki sərnişindaşıma hazırda mövcud olan epidomoloji şəraitə uyğun təşkil olunur.
Nazirlər Kabineti yanında Operativ Qərəgah artıq bir aya yaxındır ki, ardıcıl məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Hətta son günlər tam sosial izolyasiyaya yaxın bir rejim tətbiq olunub. Bəzi həyati əhəmiyyətli obyektlərdə çalışan insanlara evlərindən çıxıb işə getməyə icazə verilib. Digər insanlar isə evlərində olmalı, həm özlərini, həm də başqalarını qorumalıdır. Belə bir şəraitdə sərnişindaşımadakı fasiləsizlik, yəni əhalinin mobilliyi yeni bir məzmun kəsb edir. Artıq həmin həyati əhəmiyyətli yerlərdə çalışanların və evdən çıxmağına icazə verilən başqa şəxslərin mobilliyinin təmin olunmasından söhbət gedir. Belə şəraitdə isə, xüsusən də paytaxtda ən ciddi vəzifələr nəqliyyat qurumlarının üzərinə düşür. Çünki həmin həyati əhəmiyyətli əhəmiyyətli və strateji obyektlərin çoxu Bakıda yerləşir. Ona görə də BNA ilk günlərdən bütün fəaliyyətini bu istiqamətə yönəltdi.
Metronun fəaliyyətini dayandırmağı isə BNA üçün tam yeni bir mərhələdir. İndiyədək Azərbaycanda heç vaxt avtobuslar vasitəsilə belə uzun müddətə metronun da sərnişinlərinin daşınması zərurəti yaranmamışdı. Belə bir şəraitdə nəqliyyatçılar çox operativ şəkildə reaksiya verdilər. Ən qısa müddətdə yeni ekspres marşrut xətləri yaratdı və metro ilə gedən əhalinin həmin xətlərlə daşınmasını təmin etdi. Hazırda metro tamamilə fəaliyyətini dayandırdığı üçün ekspres marşrutların işləri hərdən səhər saatlarında metro stansiyaları yanında gərginləşir. Amma Agentliyin əməkdaşlarının səyləri və daşıyıcıları səfərbər etməsi nəticəsində hazırkı şəraitdə sərnişindaşımaların öhdəsindən gəlmək mümkün olur”.
Ə.Hüseynov hesab edir ki, hazırda həyata keçirilən işlər belə davam etsə, təhlükəsizlik də kifayət qədər yaxşı təmin oluna bilər. Elə ilk günlərdən avtobusların dezinfeksiya edilməsinə xüsusi diqqət ayrılır:
“Bu işləri daha sürətlə həyata keçirmək üçün həmin dezinfeksiya işlərini yerinə yetirən qurumlar cəlb edildi. İnsanların davranış qaydaları ilə bağlı sosial çarxlar yayımlanmaqdadır. Avtobuslarda insanların əllərini dezinfeksiya etmələri üçün məhlullar yerləşdirildi. Son günlər avtobuslarda sosial məsafənin gözlənilməsi ilə bağlı ciddi tövsiyələr var. Təkcə avtobuslar deyil, dayanacaq məntəqələri, nəqliyyat mübadilə məntəqələri və ictimai nəqliyyata aid başqa məkanlar da dezinfeksiya edilməkdədir. Düşünürəm ki, belə davam edilsə, Agentlik əməkdaşlarının səyləri və əhalinin intizamlılığı nəticəsində bu problemin öhdəsindən daha az zərərlə gələ bilərik.
Kənardan baxarkən görünən odur ki, bu gün virusla mübarizədə ön cəbhədə həkimlərimiz yer alıb. Amma ikinci sıralarda da yer alanlar var ki, onlardan biri də nəqliyyatçılardır. Birinci növbədə həmin gərgin işlərin təşkilatçıları olan Agentlik əməkdaşlarına təşəkkür edirik ki, onların düzgün və operativ qərarları nəticəsində hazırkı şəraitə uyğun təhlükəsizlik və mobillik təmin edilir. Daha sonra daşıyıcılar sağ olsunlar ki, öz iqtisadi maraqlarını kənara qoyaraq, həmrəylik göstərərək çətin şərtlər altında da olsa, daşımalara davam edirlər.
Avtobus sürücülərinə də minnətdarlıq bildirmək lazımdır ki, öz sağlamlıqlarını təhlükə altında qoyaraq işləməkdə davam edirlər. Burda əhalinin də üzərinə böyük məsuliyyət düşür. İnsanlarımız da bütün çağırışlara diqqətlə qulaq asmalı, zərurət olmadan evdən çıxmamalıdırlar. Hazırda fəaliyyət göstərən marşrutların əsas məqsədi qeyd edilən strateji əhəmiyyətli yerlərdə çalışanların mobilliyinin təmin olunmasıdır. Kənar adamlar ciddi bir ehtiyac olmadan avtobuslardan istifadə edəndə avtobusların yükü artır və həmin yerlərdə çalışan insanların gediş-gəlişi çətinləşir. İnsanlarımız da diqqətli olmalıdır ki, həm özlərini təhlükəyə məruz qoymasınlar, həm də gözlənilməz problem yaratmasınlar”.