Səlim Müslümov: "Artım pensiyaçıların 94 faizinə şamil olunacaq"

Səlim Müslümov: "Artım pensiyaçıların 94 faizinə şamil olunacaq" Fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq
Sosial müdafiə
10 Fevral , 2018 10:32
Səlim Müslümov: Artım pensiyaçıların 94 faizinə şamil olunacaq
Əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov / Report

Bakı. 10 fevral. REPORT.AZ/ "Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq". 

"Report" xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov mətbuat konfransın­da deyib.

“Cənab Prezidentin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”, S.Müslümov bildirib.

Bundan başqa, əmək pensiyalarının sığorta hissəsinə qanunun 19-cu maddəsində mütləq rəqəmlərlə ifadə olunan əlavələrə bu artım şamil edilmir.

Nazir diqqətə çatdırıb ki, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

Nazirin sözlərinə görə, fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi