"Erkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin gələcəyinə böyük zərbə vurur".
"Report" xəbər verir ki, bunu “Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Mərziyyə Aslan bildirib.
Onun sözləırinə görə, rəhbərlik etdiyi qurum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah və onun fəsadları” layihəsi çərçivəsində maarifləndirmə tədbirlərini başa vurub: "Layihə çərçivəsində keçirilən 10 təlimdə Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin 100 tələbəsi iştirak edib. Təlim iştirakçıları həmçinin maarifləndirici təbliğat materialları ilə təmin edilib. Layihəmizin başlıca məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də azyaşlı qızlarımızın gələcək həyatı üçün təhdid olmasını, onların fiziki və psixoloji sağlamlğına təhlükə yaratmasını aşılamaqdır. Bir çox hallarda erkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin özünün gələcəyinə böyük zərbə vurmuş olur”.
M.Aslan deyib ki, 1989-cu il Uşaq Hüquqları Konvensiyasına əsasən 18 yaş nikaha daxil olmaq üçün minimum hədd kimi müəyyən edilib. Azərbaycanda da Ailə Məcəlləsinə əsasən evlilik yaşı 18 yaşdır və ölkədə bununla bağlı kifayət qədər maarifləndirmə işi aparılır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, təkcə ötən il ölkəmizdə 269 erkən nikahın qarşısı alınıb. Buna baxmayaraq, erkən nikahların hələ də mövcud olması narahatlıq doğurur”