Qərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda İrəvan Qızlar Gimnaziyasının yaradılmasından 140 il ötməsi məsələsinə toxunularaq təhsildə qadınların rolu haqqında ətraflı söhbətlər aparılıb.
Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların və uşaqların təhsilinin cəmiyyətin ən önəmli məsələlərindən olduğunu qeyd edib.
Tədbirdə “Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalaşmasında azərbaycanlı ziyalı qadınların rolu” mövzusunda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, QAİ İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova bildirib ki, 140 il öncə İrəvanda Qızlar Gimnaziyasının yaranması tarixi hadisə olmaqla həm də Azərbaycan qadın hərəkatının qürurverici səhifələrindən biri kimi nəzərdən keçirilir: "Bundan başqa, bu gimnaziyanın nümayəndələrinin də payına deportasiyanın acı nəticələrini yaşamaq düşüb. Qərbi azərbaycanlıların ötən əsr boyunca yaşadığı 4 deportasiya soydaşlarımızın təhsilinə də zərərsiz ötüşməyib".
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, QAİ Ziyalılar Şurası sədrinin müavini Fərrux Rüstəmov “İrəvan Müəllimlər Seminariyasının pedaqoji fikir tariximizdə rolu”, QAİ Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov “İrəvan Pedaqoji Məktəbinin xələfi Xanlar Pedaqoji məktəbi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, QAİ Qadınlar Şurasının üzvü dosent Könül Həsənova “İrəvan azərbaycanlı Pedaqoji Məktəbinin qadın məzunları”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, QAİ Nəzarət-Təftiş Komissiyasının üzvü Filologiya elmləri üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev “Qərbi azərbaycanlı maarifçi qadınların Cənubi Qafqazın ədəbi mədəni mühitinin inkişafına töhfələri” mövzularında çıxış ediblər.
Tədbirdə, həmçinin “Müstəqil Azərbaycanda təhsil ümummilli məsələ kimi”, “Yaşıl dünya: Ətraf mühitin qorunmasında qadınların rolu”, “Təhsilli qadın təhsilli gələcəkdir” mövzuları ətrafında çıxışlar edilib, fikir mübadilələri aparılıb.