Ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

Ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib Minimum aylıq əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar həmin birdəfəlik pul müavinətinin məbləği də artıb
Sosial müdafiə
31 Yanvar , 2017 11:57
Ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ildə 8 170 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Prezidentin 2017-ci il 21 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Bununla əlaqədar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün birdəfəlik pul müavinətinin məbləği də 10,47 faiz artırılaraq cari ilin əvvəlindən 464 manata (116 x 4 = 464) çatdırılıb.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması yönündə aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, habelə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 136 nəfər şəxs münasib işlərlə təmin olunub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri tamamlanmaq üzrədir. Yeni mərkəz qeyd olunan şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, ümumən hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi