Neftçalada şəhid zabitin xatirəsinə həsr olunan kitab və film təqdim edilib

Neftçalada şəhid zabitin xatirəsinə həsr olunan kitab və film təqdim edilib Neftçalada şəhid zabit Ayaz İmanzadəyə həsr olunmuş “Ayazda sevdim izini” filmi nümayiş olunub, “Onu belə xatırlayıram” kitabın təqdimatı keçirilib.
Sosial müdafiə
4 Dekabr , 2023 17:08
Neftçalada şəhid zabitin xatirəsinə həsr olunan kitab və film təqdim edilib

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində neftçalalı şəhid zabit Ayaz İmanzadəyə həsr olunmuş “Ayazda sevdim izini” filmi nümayiş edilib, “Onu belə xatırlayıram” kitabın təqdimatı olub.

“Report”un Aran bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, şəhidin tələbə-səngər yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qarabağ torpağı uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Filmdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhidin atası Daşqın İmanzadə, Vətən Müharibəsinin Qəhrəmanı Camal İsmayılovun anası Flarə İsmayılova, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Tünzalə Abduləlimova, jurnalistlər, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri, “Qadın gülərsə” verilişinin aparıcısı Sevinc Fədai, “Gündoğar” qəzetinin baş redaktoru, yazıçı-publisist Bədirə Rza Həsənqızı və başqaları çıxış ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ayaz İmanzadənin qısa, lakin qəhrəmanlıqlarla dolu şərəfli həyat yoluna işıq tutulub.

Bildirilib ki, 1996-cı ildə Neftçala şəhərində doğulan İmanzadə Ayaz Daşqın oğlu əvvəlcə C.Naxçıvanski adına hərbi liseydə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2019-cu ildə ali hərbi təhsil alan A.İmanzadə taqım komandiri kimi “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Vətən müharibəsi başlanan gündən rəhbərlik etdiyi taqımla birlikdə ilk döyüşə qatılanlardan biri olub. Döyüşlər zamanı bir çox yaşayış məntəqələrinin azad edilməsində əsl qəhrəmanlıq göstərən leytenat A.İmanzadə Füzulinin azad edilməsi zamanı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov adına 1 saylı Neftçala şəhər tam orta məktəbin Ayaz İmanzadə adına sinif şagirdləri ədəbi-bədii kompozisiya göstəriblər.

Sonra cəsur zabit, şəhid Ayaz İmanzadənin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyindən bəhs edən, onunla bağlı xatirələr yer alan Orxan Əzimin rejissoru olduğu “Ayazda sevdim izini” filmi nümayiş olunub.

Bununla yanaşı, yazıçı-publisist Nəzakət Quluqızının şəhid Ayaz İmanzadəyə həsr etdiyi “Onu belə xatırlayıram” kitabının təqdimatı keçirilib.

Həm film, həm də kitab tədbirə toplaşanlar tərəfindən böyük maraqla qarşılanıb.

Şəhid analarına Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri və “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin medalları təqdim olunub.

Tədbirin sonunda şəhid Ayaz İmanzadənin şəhər qəbiristanlığındakı Şəhidlər xiyabanında məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Son xəbərlər

Orphus sistemi