Kürdəmirdə yaşayış binasına qrunt suları dolub, antisanitar vəziyyət yaranıb

Kürdəmirdə yaşayış binasına qrunt suları dolub, antisanitar vəziyyət yaranıb Kürdəmir rayonunun mərkəzində yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində çirkli suların yığılması ərazidə antisanitariya şəraiti yaradıb.
Sosial müdafiə
16 Yanvar , 2023 15:03
Kürdəmirdə yaşayış binasına qrunt suları dolub, antisanitar vəziyyət yaranıb

Kürdəmir rayonunun mərkəzində yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində çirkli suların yığılması ərazidə antisanitariya şəraiti yaradıb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, binanın zirzəmisində yığılan qrunt suları burada yaşayanlar üçün xeyli problemlər yaradıb. Qrunt sularının yaratdığı qoxudan və rütubətdən təngə gələn sakinlər bununla bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət ediblər.

Uzun illərdir antisanitar vəziyyətlə yaşamaq məcburiyyətində qaldıqlarını söyləyən vətəndaşlar deyib ki, bu müddət ərzində problemin aradan qaldırılması üçün heç bir qurum tərəfindən əməli iş görülməyib.

Sakinlər bildirib ki, istər yayda, istərsə də qışda ağcaqanad və milçək əlindən, eləcə də üfunətdən evdə oturmaq mümkün deyil. Onlar, əsəsən, binanın birinci mərtəbəsində yaşayanların daha çox əziyyət çəkdiklərini vurğulayıblar.

Narazı sakinlərin sözlərinə görə, zirzəmi daima su içərisində olduğundan mənzillər də rütubətli olur və bu da nəticədə bir sıra xəstəliklərə yol açır. Hazırda havaların soyuq keçməsinə baxmayaraq, sakinlər evdə ağcaqanad əleyhinə dərmanlardan istifadə edirlər.

Məsələ ilə bağlı Kürdəmir rayon Mənzil İstismar Sahəsindən "Report"un yerli bürosuna bildirilib ki, bina onların balansında olsa da, kanalizasiyanın təmiri işlərinə Kürdəmir rayon Sukanal Sahəsi nəzarət edir.

"Azərsu" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Kürdəmir Sukanal Sahəsindən isə "Report"un yerli bürosuna qeyd olunub ki, sözügedən binanın zirzəmisinə daima qrunt suları yığılır.

Bildirilib ki, dəfələrlə xüsusi texnikalar vasitəsilə həmin qrunt suları çəkilsə də, qısa müddətdən sonra ərazi yenidən qrunt suları ilə dolmağa başlayır.

Məlumatda vurğulanıb ki, binada kanalizasiya problemi yoxdur, sadəcə zirzəmiyə yalnız qrunt suları dolur: "Biz də hər dəfə İdarənin texnikaları ilə onu çəkib götürürük. Rayonda yeni kanalizasiya xətləri çəkiləcəyi təqdirdə bina sakinlərini narahat edən bu problem də tam aradan qaldırılacaq".

Qeyd edək ki, sözügedən bina rayonun Babək prospektində yerləşir. 7 nömrəli 40 mənzilli və 5 mərtəbəli yaşayış binası 1988-ci ildə inşa olunub. Hazırda binada 40 ailə və 250 nəfərə yaxın sakin yaşayır.

Son xəbərlər

Orphus sistemi