“Laçını tərk edəndə yaşım az idi. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Çox sevinirəm ki, Zabuxa qayıdıram”.
“Report” xəbər verir ki, bunları jurnalistlərə Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Yavər Quliyev deyib.
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komadanımız, Prezidentimiz İlham Əliyevə uzun ömür bəxş etsin”, - Y.Quliyev deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınıb.
Bununla da Zabuxa qayıdan ailələrin sayı 71-ə, sakinlərin sayı isə 291 nəfərə çatıb. Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.