Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
- 22 oktyabr, 2026
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan könüllülərinin iştirakı ilə altıgünlük "SDG Volunteer Camp" düşərgəsi keçirilib.
"Report" xəbər verir ki, məqsəd könüllü gənclərin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında biliklərini artırmaq, qlobal məqsədləri lokal icma ehtiyacları ilə əlaqələndirmək və onları real həllərin hazırlanması prosesinə cəlb etmək olub.
Eyni zamanda, düşərgə könüllülərin könüllülük, liderlik, komanda işi və sosial təşəbbüskarlıq bacarıqlarının inkişafına, onların cəmiyyətin davamlı inkişafında fəal iştirakına dəstək verməyi hədəfləyib.
Düşərgə çərçivəsində iştirakçılar dayanıqlı inkişafın müxtəlif istiqamətlərini əhatə edən təlimlərdə, panel müzakirələrində, interaktiv sessiyalarda, intellektual yarışlarda və komanda fəaliyyətlərində iştirak ediblər.
Bundan başqa, insan inkişafı və bərabər imkanlar, inklüziv ünsiyyət və işarət dili, süni intellekt və rəqəmsal texnologiyalardan etik istifadə, tərəfdaşlıq və əməkdaşlıq, gələcəyin əmək bazarı, eləcə də layihələrin idarə edilməsi mövzularında təlimlər və panel müzakirələri keçirilib.
Həmçinin düşərgə müddətində "SDG Simulation: 2030" simulyasiyası da olub. İştirakçılar iqtisadi inkişafı qorumaqla qlobal yaşıl keçidin sürətləndirilməsi yollarını müzakirə edib, enerji keçidi, yaşıl iş yerləri, iqlim maliyyəsi, su və təbii resurslar, eləcə də dayanıqlı şəhərlər üzrə ortaq qərarlar formalaşdırmağa çalışıblar.
Bununla yanaşı, "Heç kim kənarda qalmasın" adlı interaktiv sessiyada qlobal sosial çağırışlar Dayanıqlı İnkişaf Məqsədləri kontekstində təhlil edilib və könüllülük əsaslı həllər hazırlanıb. "SDG İdeaton: İdeyadan həllə" fəaliyyətində isə komandalar sosial və ekoloji problemlərə dair innovativ ideyalar irəli sürərək ilkin layihə konsepsiyaları formalaşdırıblar. İştirakçılar həmçinin layihə idarəçiliyi, effektiv tərəfdaşlıq və gələcəyin əmək bazarı kimi mövzularda bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Düşərgənin son günündə iştirakçılar Şəki şəhərinə ekskursiya edərək tarixi və mədəni irslə tanış olublar.
Xatırladaq ki, düşərgəni Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə təşkil edib.