Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası üzrə proqramı təsdiq edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası üzrə proqramı təsdiq edib Proqramda bu il ərzində görüləcək tədbirlər əhatə olunub
Sosial müdafiə
15 Yanvar , 2016 20:27
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası üzrə proqramı təsdiq edib

Bakı. 15 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" təsdiq edilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, proqramda qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların səmərəli reabilitasiyasının təşkili istiqamətində cari il ərzində görüləcək tədbirlər əhatə olunub.

Belə ki, sənədə əsasən, il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, habelə həmin insanların respublika daxilində müalicəsinə köməklik göstərilməsi, onların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı əməkdaşlığın və informasiya mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onlar arasında idman tədbirlərinin keçirilməsi və beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması da əksini tapır.

"2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" həmçinin cari il ərzində Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsini, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımların göstərilməsini nəzərdə tutur. Qeyd olunanlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlar əsasında idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların surdoloji xidmətlərlə təmin edilməsi və digər tədbirlər də Proqramda əhatə olunub.

Xatırladaq ki, "2015-ci il ücün əlilliyi olan şəxslərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram"ı uğurla icra olunaraq, Proqram çərçivəsində 16,3 mindən çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın sosial müdafiəsi və ehtiyac duyduqları reabilitasiya tədbirləri ilə əhatə olunması istiqamətində işlər aparılıb.  

Son xəbərlər

Orphus sistemi