"Uşağın yaşı çox azdır, o artıq travma alıb. Nəzərə almaq lazımdır ki, uşaq məktəbəqədər təhsil pilləsində ilkin bacarıq və vərdişlərə yiyələnir. Ona görə də uşağın bu zaman travma alması yolverilməzdir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova İsmayıllı şəhər 1 saylı uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, uşağın vəziyyəti qiymətləndiriləcək və ailə ziyarət ediləcək.
Şöbə müdiri həmçinin övladlarına fiziki zorakılıq tətbiq edən valideynlərdən də danışıb.
O bildirib ki, əgər valideyn valideynlik hüquqlarından sui-istifadə edirsə, uşağa qarşı zorakılıq edirsə, onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıla bilər.
"Hətta valideyn valideynlik hüququndan məhrum edilə, inzibati və cinayət məsulliyyətinə cəlb edilə bilər. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər.
Bu cür hallar uşaqlarda travma yaradır və bunun təsirləri də uzun illər ərzində onlarda qalır.
Mənim övladımdır, özüm bilərəm" deyib zorakılığa haqq qazandırmaq yolverilməzdir", - o əlavə edib.