Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, direktor Pərvinə İsmayılova ötən ilin oktyabr ayında açılışı olan Mərkəzin həssas əhali qruplarına aid şəxslərin bacarıq və yaradıcılıq potensialının inkişafına dəstək göstərilməsi, onların cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində fəaliyyət göstərdiyini xatırladıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu inklüziv məkanda əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, valideyn himayəsindən məhrum və valideynini itirmiş uşaqlar, digər həssas qruplardan olan insanlara onların yaradıcı potensialının inkişafı və cəmiyyətə inteqrasiyası üçün xidmətlər göstərilir.
Qeyd olunub ki, Mərkəzdə hazırda 292 benefisiar 14 xidmət istiqaməti üzrə təlimlərə cəlb olunub. Mərkəzə 6 yaşdan 44 yaşadək olan şəxslər qəbul olunur. Psixo-sosial vəziyyətinə uyğun olaraq, bir çox hallarda bir benefisiarların müxtəlif yaradıcılıq sahələri üzrə digər təlimlərdə də iştirakı təmin edilir.
Benefisiarlarla bağlı Ümumdünya Səhiyyə Təşkilatının da təsdiqlədiyi metod üzrə kompleks reabilitasiya işləri də aparılıb. Mərkəzə qəbul olunan hər bir şəxs üçün həmin metod əsasında fərdi inkişaf planı tərtib edilir.
Təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edilib. Həssas təbəqədən olan şəxslərin cəmiyyətə adaptasiyasını, sosial inteqrasiyasını gücləndirmək məqsədilə il ərzində Mərkəzdə 30-dək layihə gerçəkləşdirilib və tədbirlər növbəti ildə də davam etdiriləcək.
Sonra Mərkəz rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.
Daha sonra Abdulla Şaiqin sevilən əsəri əsasında Mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş “Tülkü həccə gedir” tamaşasının premyerası olub.
Yekunda uşaqlara müxtəlif hədiyyələr, bayram sovqatı təqdim olunub.