Yuxarı

Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Tədbirdə Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə, İran və digər dövlətlərdən gələn nümayəndələr də iştirak edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun (Unicef) təşkilatçılığı ilə birgə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və başqaları iştirak edib. 

Tədbirə, həmçinin Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə, İran və digər dövlətlərdən gələn nümayəndələr də qatılıb.  
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlardır: “Dünyada hər gün 25 min, hər il 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Bir sıra Avropa ölkələrində də qeyd olunan faktlara rast gəlinir. Bu istiqamətdə bütün ölkələr səylərini daha da artırmalı, insanlığa yaraşmayan belə halların qarşısının alınması üçün imkanlarımızı birləşdirməliyik”.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qızları təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: “Belə nikahlar sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, erkən nikahlar ümumbəşəri problemdir: “Qədim dövrlərdən başlayaraq erkən nikahlara qarşı mübarizə aparılıb. Erkən nikahı bəzən İslam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib. Heç bir dində erkən nikaha çağırış yoxdur. Erkən nikahı dinə bağlamaq doğru olmaz. Erkən nikah ən çox Asiya və Afrikada qeydə alınır. Avropada erkən nikah olmasa da azyaşlıların cinsi istismara məruz qaldığı görünür".
Konfransda erkən nikahların qarşısının alnması, səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzularla bağlı çıxışlar edilib.
Tədbir müzakirələrlə davam edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi