Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər daimi işlə təmin edilib.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.
Onun sözlərinə görə, indiyədək təxminən 5000-dən artıq keçmiş məcburi köçkün öz yurduna qayıdıb: “Geri qayıdan vətəndaşların demək olar yarısı, təxminən 2500-dən çox insan əmək qabiliyyətli şəxslərdir. Onların həmin ərazilərdə öz həyatlarını qurmaları üçün məşğulluqları təmin edilməlidir”.
S.Babayev bildirib ki, hazırda işlə təmin olunmayan 1000 nəfərlə iş aparılır: “Nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə 20 mindən artıq vətəndaşımız da doğma yurdlarına dönəcək. Qarşıda böyük hədəflər var, aidiyyəti qurumlarla birlikdə əsas prioriteti qayıdan şəxslərə veririk. Bununla da həmin vətəndaşların məşğulluğunu təmin edə biləcəyik. Çətinliklərdən biri də qayıdan insanların bir çoxunun ixtisassız olmasıdır. Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramı hazırlamışıq. Təxmini il ərzində 3000-ə yaxın şəxsə ixtisas verə biləcəyik”.
Ölkədə həyata keçirilən özünüməşğulluq proqramlarından da danışan nazir söyləyib ki, indiyədək təxminən 17 min ailə özünüməşğulluq aktivləri ilə əhatə olunub: “Fikrimcə ölkə əhalisinin sayına uyğun olaraq keyfiyyətə nəzərati təmin edə bilirik. Ümumilikdə nəticələr uğurludur. İl ərzində təmxinən 100 minə yaxın şəxs aktivlər üçün müraciət edir. Növbəti mərhələdə proqramın əhatə dairəsi də genişləndiriləcək”.