Yuxarı

Səttar Mehbalıyev: "Azərbaycana maraq göstərən türkiyəli iş adamlarının sayı durmadan artır"

​Türkiyə Haber-İş Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan Türkiyə "Haber-İş" Həmkarlar İttifaqının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub. "Report" xəbər verir ki, konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev hər iki ölkənin həmkarlar ittifaqı mərkəzləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında mütəmadi olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin sürətlə inkişaf etməsindən bəhs edən S.Mehbalıyev Azərbaycanın Türkiyədə irimiqyaslı sərmayələr qoymasından, geniş həcmli yeni layihələrə imza atmasından danışaraq bildirib ki, Türkiyədə çoxlu sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir, tanınmış iş adamları öz fəaliyyətlərini genişləndirir, yeni-yeni sahələrdə iri layihələr həyata keçirirlər.

Qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri öz fəaliyyətlərini daha da genişləndirir, ölkəyə maraq göstərən türkiyəli iş adamlarının sayı durmadan artır.

AHİK sədri bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və işgüzar əlaqələrinin möhkəmlənməsini şərtləndirir və qarşıda duran ümdə vəzifələrdən biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri Mücayit Özdəmir Azərbaycana  səfərləri zamanı nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə AHİK sədrinə öz təşəkkürünü bildirib, bu cür görüşlərin hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasındakı sıx əlaqələrin bundan sonra da davamlı inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi