Ağdaşın Qaradeyin kəndinin yanacaq problemi: qaz yoxdur, odun tapmaq asan deyil

Ağdaşın Qaradeyin kəndinin yanacaq problemi: qaz yoxdur, odun tapmaq asan deyil Ağdaş rayonunun Qaradeyin kəndinin qazlaşdırılmaması sakinlərin gündəlik həyatında bir sıra problemlərə yol açıb.
Sosial müdafiə
23 Yanvar , 2023 15:41
Ağdaşın Qaradeyin kəndinin yanacaq problemi: qaz yoxdur, odun tapmaq asan deyil

Ağdaş rayonunun Qaradeyin kəndinin qazlaşdırılmaması sakinlərin gündəlik həyatında bir sıra problemlərə yol açıb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, 40 ilə yaxındır təbii qazın verilişini gözləyən yerli camaat bildirib ki, kənddə qaz olmadığına görə gənc ailələr yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Ağdaşın ucqar kəndlərindən sayılan Eymir bələdiyyəsi özündə dörd kəndi birləşdirir. Üç kəndə təbii qaz xətləri çəkilsə də, 2 minə yaxın əhalisi olan Qaradeyin siyahıdan kənarda qalıb. Mavi yanacaq olmadığından sakinlər isinmək üçün odundan, işıqdan və digər alternativ vasitələrdən istifadə edirlər. Bu isə öz növbəsində həm fiziki, həm də maddi cəhətdən baha başa gəlməklə yanaşı, eləcə də ağır əmək tələb edir.

Sakinlər bildiriblər ki, bir ailənin qışı keçirə bilməsi üçün təkcə oduna orta hesabla 600 manatdan 1000 manatadək vəsait xərcləməli olurlar.

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Report”un yerli bürosuna bildirib ki, təmsil etdiyi qurum regionlarda qazlaşdırma prosesini mərhələli şəkildə həyata keçirir.

Onun sözlərinə görə, Qaradeyin kəndinin "Azəriqaz"ın daxili imkanları hesabına qazlaşdırılması 2023-cü ilin kapital qoyuluşu planına daxil edilib. O vurğulayıb ki, 2023-cü ildə bu kəndin qazlaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi